Blog One Image

13 Dek 2021

“Azərşəkər” və “Agrobay Seracılık” birgə müəssisənin yaradılması ilə bağlı memorandum imzalayıb

“Azərşəkər” və “Agrobay Seracılık” şirkətləri arasında Azərbaycanda yeni müştərək heyvandarlıq və əkinçilik Aqroparkının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb. Layihənin icrası ilə ölkəmizdə xarici sərmayə qoyuluşunun artırılmasına, regionlarda yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, istehsal olunacaq məhsullar üzrə xarici valyutanın ölkədən kənara axınının azaldılmasına töhfə veriləcəkdir. Bununla yanaşı, layihə çəçivəsində şirkətlərin uyğun təcrübəsi ölkəmizdə heyvandarlıq və əkinçilik sektorunun daha da inkişafına və ərzaq təhlükəsizliyinin təminatına dəyər gətirəcəkdir. Yevlax rayonunda yerləşəcək Aqroparkın fəaliyyətinin həyata keçirilməsi üçün 23 milyon manat investisiya ayrılacaq və müəssisənin fəaliyyətə başlaması ilə regionda 116 nəfər daimi iş yeri ilə təmin olunacaqdır. Anar Mehdiyev, AzərŞəkər MMC-nin İdarə Heyətinin Sədri: “Ölkəmizdə həm xarici, həm də yerli investisiyalar üçün yaradılan münbit şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq edirik.

Bu səbəbdən, Azərşəkər şirkəti olaraq qardaş Türkiyə respublikasından investisiya cəlb etməklə Yevlax rayonunda yeni layihəyə başlamaqdan məmnunluq duyuruq. Layihəmiz 1000 hektara yaxın ərazidə qurulacaq əkinçilik və heyvandarlıq kompleksindən ibarətdir. Mərhələli şəkildə icra ediləcək layihəmiz əminik ki, ölkəmizin ümumi olaraq iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Layihənin icrasında göstərdiyi dəstəyə görə həm İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi, həmçinin Yevlax rayonu icra hakimiyyətinə təşəkkürümüzü bildiririk.”

Ahmet Şentürk, Agrobay Seracılık İdarə Heyətinin Sədri: “Agrobay Seracılık” ixtisaslı işçi heyəti ilə bütün istehsal prosesində dünya standartlarını tətbiq edən, 20 illik təcrübəyə malik, Türkiyənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən biridir. “Agrobay” olaraq işlədiyimiz torpağın haqqını vermək, istifadə edilən heç bir məhsulu israf etmədən son texnologiya ilə kənd təsərrüfatını optimallaşdırmaq şirkətimizin başlıca missiyasıdır. Bu səbəbdən, Azərbaycanda həyata keçirəcəyimiz bu ortaq layihədə öz müasir metodlarımız ilə modernləşməni nə qədər dəstəkləsək, inanırıq ki, arzu etdiyimiz yüksək kənd təsərrüfatı dəyərini də eyni dərəcədə artıracağıq. Bu layihə vasitəsilə qardaş ölkə Azərbaycanın iqtisadiyyatına və kənd təsərrüfatına böyük töhfələr vermək qabaqcıl məqsədimizdir. Bu məqsədimizi uğurla həyata keçirəcəyimizə əminik! Türkiyədəki yarım əsrlik iş təcrübəmizi Azərbaycanda da tətbiq edəcəyik. Bu ortaq layihənin “Qarabağ Zəfəri”ni taclandırmasını istəyirik və hər iki dövlət üçün xeyirli olmasını qəlbdən diləyirik.”